Mayın 23-də Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Qəbələ rayonunda dəyirmi masa təşkil edib.
    Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" barədə danışıb. Tədbirin Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edildiyini bildirib. Direktor “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunla bağlı məruzə ilə çıxış edib.
   Dəyirmi masada Qafqaz Universitetinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın “Mədəniyyət mərkəzlərinin fəaliyyət istiqamətləri və qeyri-maddi mədəni irsin qorunması təcrübəsi”, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktor müavini Nəzakət Rəhmanovanın “Dövlət qulluqçularının etik davranış məsələlərinin həllində nitq mədəniyyətinin rolu”, mərkəzin informasiya-kommunikasiya və elmi təminat şöbəsinin müdiri Ruhiyyə Namazovanın innovasiya və şəffaflığın artırılmasında elektron xidmətlərdən istifadə mexanizmləri barədə məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.