İyunun 12-16-da Masallı rayonunda II Beynəlxalq Folklor Festivalı keçiriləcək. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, festivalda Rusiya (Dağıstan), Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Latviyanın incəsənət ustaları ilə yanaşı, Ağdamın “Qarabağ bülbülləri”, Masallının folklor kollektivləri və rəqs qrupları da öz məharətlərini nümayiş etdirəcəklər.
   Festival günlərində qonaqlar üçün rayonun tarixi və görməli yerlərinə ekskursiyaların təşkili nəzərdə tutulub. Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində, şəhər, qəsəbə və kəndlərdə konsertlər, xalq tətbiqi sənət nümunələri və yerli sənətkarların əl işlərindən ibarət sərgilər təşkil ediləcək.