Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş V kitab bayramı keçirilib.
   
    Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Şahpələngova, MKS-nin direktoru Sakit Bağırov, mədəniyyət işçisi Mehdi Mehdizadə, tanınmış ziyalı Qənbər Əhmədli və digər çıxış edənlər cəmiyyətin həyatında kitab və kitabxanaların yeri, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi diqqət və qayğı barədə danışıblar. Yazarlar Aynur Qarayeva, Qalib Bayram, filologiya üzrə fəlsəfə doktoru Şöhrət Qaraoğlu insan şəxsiyyətinin formalaşmasında kitabın rolundan bəhs edib, yazdıqları şeir nümunələrini səsləndiriblər.
   Daha sonra Azərbaycan Prezidentinin sərəncamı ilə çap olunaraq ölkə kitabxanalarına hədiyyə edilmiş dünya və Azərbaycan ədəbiyyatı nümunələrinin, tibb, fəlsəfə, hüquq, tarix, uşaq ədəbiyyatı, eyni zamanda Saatlı rayonundan olan yazıçı və şairlərin əsərlərinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
   Mərasimdə rayonun Varxankənd və Səməd Vurğun adına orta məktəbinin şagirdləri şeirlər söyləyiblər. Şirinbəy kənd mədəniyyət evinin “Karvan” folklor rəqs qrupu şux nömrələri ilə tədbirə rəng qatıb.