AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Son tunc-erkən dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti” adlı monoqrafiyası işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
   Kitabda Naxçıvanın son tunc-erkən dəmir dövrünə aid abidələrindən ətraflı söz açılır. Bölgədə yaşayan insanların həyat tərzi, məşğuliyyəti, dini-ideoloji görüşlərinə dair məlumatların əks olunduğu kitab “Arxeoloji abidələr”, “Arxeoloji materialların təhlili” adlı iki fəsildən ibarətdir.
   Birinci fəsildə Gəmiqaya təsvirləri, Yuxarı Gilançay vadisindəki qaya təsvirləri, Kolanı və Sarıdərə nekropollarındakı təsvirlər təhlil olunur. İkinci fəsildə isə o dövr əhalisinin əmək alətləri, keramika məmulatları, silahlar, bəzək əşyaları haqqında ətraflı məlumat verilir.
   Monoqrafiyada qədim yaşayış məskənlərinin sxemləri, tapılan maddi-mədəniyyət nümunələrinin şəkilləri də yer alıb.
   Fariz Yunisli