2012-ci ilin fevralından fəaliyyət göstərən “Baku Creative Center” yaradıcılıq mərkəzi ötən müddətdə Azərbaycan mədəniyyət və incəsənətinin təbliği, kreativ ideyaların reallaşdırılmasına yardım etmək məqsədilə bir sıra layihələr həyata keçirib.
   
   Bölgələrdə yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, incəsənət biliklərini təbliğ etmək məqsədi daşıyan “Azerbaijan Art Festival - 2013” layihəsi də mərkəzin yeni təşəbbüslərindən biridir.
   Layihə çərçivəsində növbəti sərgi Kürdəmir Dövlət Rəsm Qalereyasında keçirildi. Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının humanitar şöbəsinin müdiri Əbülfət Mikayılov, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, Kürdəmir Dövlət Rəsm Qalereyası rəsm dərnəyinin üzvləri və məktəblilər iştirak edirdilər.
   Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev çıxış edərək layihənin əhəmiyyətindən danışdı, sərginin rayonun mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. Mərasimdə rəqqas Emil Adıgözəlli performans nümayiş etdirdi. Sərgidə ümumilikdə 17 rəssamın 40-a yaxın əsəri nümayiş olunurdu.
   Tədbirin ikinci günü layihə iştirakçısı Məmməd Rəşidov incəsənətə marağı olanlar üçün ustad dərsləri keçdi. Kürdəmir Dövlət Rəsm Qalereyası rəsm dərnəyinin üzvləri və rayon məktəbliləri dərslərdə böyük həvəslə iştirak etdilər. Daşlar üzərində rənglərlə işlənmiş rəsmlər iştirakçılarda böyük maraq doğurdu. Yeniyetmələrin zəngin yaradıcı təxəyyülü hər kəsdə xoş ovqat yaratdı.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin baş biblioqrafı