Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan “Soyqırımı Memorial Kompleksi”ndə tikinti işləri yekunlaşıb. İnşaatı həyata keçirən şirkətin iş icraçısı Adil Axundovun sözlərinə görə, tikinti işlərinə 2010-cu ilin noyabr-dekabr aylarında başlanılıb: “Artıq kompleksin tikintisini yekunlaşdırmışıq. Ətraf ərazilərdə təmizlik işləri aparılır”.
   A.Axundov qeyd edib ki, növbəti mərhələdə kompleksdə vertolyot meydançası tikiləcək və aşkar edilən insan sümüklərinin üzəri xüsusi konstruksiya ilə bağlanacaq.
   Qeyd edək ki, 1918-ci ildə erməni quldur dəstələrinin Qubada törətdiyi soyqırımı nəticəsində meydana gələn toplu məzarlıq 2007-ci ilin aprelində torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadındır. Burada ermənilərin amansızcasına qətlə yetirdikləri azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də kütləvi şəkildə basdırılıblar.
   Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən Qubada “Soyqırımı Memorial Kompleksi”nin yaradılması məqsədilə vəsait ayrılıb.