Naxçıvanın geoloji ensiklopediyası hazırlanır
   
   Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri “Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyası”nı hazırlayır. Bu məqsədlə institutun şöbə rəhbərləri - geologiya-mineralogiya elmləri doktorları Şıxəli Babayev, Muxtar Rüstəmov, Novruz Novruzov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov, həmçinin gənc alim Fuad Rəhimov və Coğrafiya İnstitutunun şöbə rəhbəri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov Naxçıvana ekspedisiya həyata keçiriblər.
   AMEA-dan bildiriblər ki, mütəxəssislər muxtar respublikanın bütün rayonlarında Paleozoydan tutmuş IV dövr çöküntülərinə qədər olan süxur qatlarını tədqiq edib, onların koordinatlarını müəyyənləşdirib, müvafiq foto çəkilişləri aparıblar.
   Ekspedisiyaya qədər Naxçıvan ərazisində intişar tapmış süxurlar, faydalı qazıntılar, yeraltı və yerüstü su ehtiyatları barədə məlumatlar toplanılıb və təhlil edilib. Ekspedisiya müddətində isə bu istiqamətlər üzrə dəqiqləşdirmə işləri aparılıb. Bu ilin sonunda tədqiqatların yekunlaşdırılması və ensiklopediyanın çap edilməsi nəzərdə tutulur.