Gəncə-Bakı yolunda görünüşü ilə diqqəti cəlb edən rəmzi qala divarlarının tikintisi başa çatmaq üzrədir. Kompleksdə dekorasiya ilə yanaşı, uzunluğu üç kilometrə yaxın olan istinad divarlarının üzlənməsi, eləcə də şəhərin tarixini əks etdirən eskiz və lövhələrdən ibarət ornamentlərin quraşdırılması işləri aparılır.
   Şəhərin baş memarı Şərif Şərifov bildirib ki, tikili 2 qala başlığı, 2 qapı və 4 iri rəmzi pəncərədən ibarətdir. Sağ və sol hissələrdən ibarət qala divarlarının hündürlüyü 15, qala başlığının hündürlüyü 22, eni isə 47 metrdir. Bundan başqa, qala divarlarının içərisində muzeyin fəaliyyət göstərməsi üçün bir neçə otaq da yaradılıb.
   Qala kompleksinin davamı olaraq Nizami məqbərəsinə qədər olan ərazidəki istinad divarlarında da işlər yekunlaşmaqdadır. Hazırda əraziyə Nizami Gəncəvinin “Xəmsə”sini əks etdirən nəhəng kitabələrin qoyulması üzərində iş aparılır.