Vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi muzey kimi fəaliyyət göstərəcək. 
   Almanlar XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazisində məskunlaşıb, bir neçə yaşayış məntəqəsinin əsasını qoyublar. 1941-ci ildə alman icması Stalinin əmri ilə Orta Asiyaya sürgün edilib.
   Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, rayonda almanlar tərəfindən inşa edilən 300-dək ev var. Onlardan biri də Viktor Klaynın evidir. 1886-cı ildə tikilən bu evdə Viktor Klayn 1936-2008-ci illərdə yaşayıb. O, vəfat etdikdən sonra ev boş qalıb. Burada çoxlu sayda alman irsinə məxsus məişət əşyaları var. Həmin əşyalar siyahıya alınaraq ev möhürlənib. Binanın qədimliyi qorunmaqla əsaslı təmirinə başlanacaq, bədii tərtibat işləri aparılacaq.
   Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, Göygölə gələn almanlar bu evə maraq göstərirlər. Ev muzey kimi fəaliyyət göstərdikdən sonra bu məkana turist axını daha da artacaq.