18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qax rayonunun mədəniyyət müəssisələrində də silsilə tədbirlər təşkil olunub.

İlk tədbir türk dünyasının böyük şairi Yunus Əmrənin və onun mürşidi Hacı Tapdığın əbədiyyət məkanı sayılan Oncallı kəndindəki Oğuz qəbiristanlığında keçirildi. Öncə qəbirlər ziyarət edildi, dualar oxundu.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, “Kürmük” nəğmələri ədəbi birliyin sədri Abdulla Şahmir çıxış edərək Yunus Əmrənin yaradıcılığından söz açdılar. Qeyd olundu ki, Yunus Əmrə yaradıcılığı heç vaxt bitib-tükənməyən bir bulaqdır. Onun fəlsəfəsi təkcə türk-islam dünyasının deyil, bütün insanlığın mənəvi saflıq, gözəllik, haqq-ədalət, sevgi mənbəyinə çevrilib.
İcra Hakimiyyəti başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Vəfa Heydərova Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbirin belə bir tarixi məkanda təşkilinə görə mədəniyyət işçilərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, türk xalqları çox yerlərdə dahi şairinə bir məzarlıq salmışlar. Bu məzarlardan birinin də Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığında olduğu ehtimal edildiyindən biz xoşbəxt insanlarıq. Belə bir məkana dünyanın müxtəlif yerlərindən insanların ziyarətə gəlməsi rayonumuz üçün fəxrdir.
Tədbirdə Səməd Vurğun adına rayon mədəniyyət evinin bədii qiraətçiləri və “Arzu” ansamblının üzvlərinin ifasında Əmrə yaradıcılığından nümunələr səsləndi.

Dilarə Əzizova,
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi