Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində ölkə Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Bu mövzuda martın 28-də gerçəkləşən dəyirmi masaya əslən Naxçıvandan olan ziyalılar dəvət olunmuşdu.
Aprelin 15-də isə muzeydə şəhərin 9 və 16 nömrəli məktəblərin şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyatının Naxçıvan dövrünə həsr olunmuş açıq dərs keçirilib. Məktəblilər ümummilli liderin Naxçıvanda keçirdiyi uşaqlıq, gənclik illəri ilə, eləcə də muxtar respublika üçün ağır dövr olan 1990-1993 illərdə fəaliyyəti ilə bağlı suallara dolğun cavab veriblər. İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə İsmayılova və muzeyin direktoru Gülşən Vəliyeva mövzu ilə bağlı çıxış ediblər.
Muzeyin əməkdaşı Xatirə Əliyevanın apardığı dərsdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı 10 dəqiqəlik videofilm də nümayiş etdirilib.