“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirir. Layihə çərçivəsində birliyin üzvləri aprelin 19-21-də Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində əhali ilə görüşüblər. Layihə sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan bu üç kəndin timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib. Görüşlərdə yerli icma nümayəndələri ekoloji durum, adət-ənənələr, unudulmuş təsərrüfat sahələrinin bərpası ilə bağlı öz fikirlərini bildiriblər.
Növbəti mərhələdə ekspertlər vəziyyəti qiymətləndirdikdən sonra həmin kəndlərin bələdiyyə işçiləri üçün maarifləndirici təlimlər keçiriləcək. Daha sonra kənd ictimaiyyəti nümayəndələrindən ibarət könüllü qruplar yaradılacaq, ekspertlərin təlimatları əsasında kəndlərdə ekoloji mühitin qorunması üçün işlər görüləcək.