Astara rayon mərkəzi kitabxanasında Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov tədbirdə çıxış edərək görkəmli nasir və dramaturqun zəngin ədəbi irsinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli sərəncamına əsasən İlyas Əfəndiyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.
Sonra Astara şəhər 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyevanın Xalq yazıçısının həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib. Bildirilib ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də qələmə almışdır. XIX əsrdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş dramaturgiyamızın inkişafında İlyas Əfəndiyevin böyük xidmətləri var.
Tədbirdə məktəblilərin ifasında İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilib.