M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi kitabxanasında yazıçı, müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və məşhur dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar “Sənətkar ömrü” adlı tədbir keçirilmişdir. Tədbirdə R.Rzanın ev-muzeyinin direktoru S.Hacıyeva, rayon uşaq yaradıcılıq birliyinin direktoru Z.Mirzəliyeva, VVAQ şöbəsinin müdiri K.Məmmədova, ziyalılar və 1, 3 və 5 saylı məktəblərin şagird və müəllimləri iştirak etmişlər.
MKS-nin direktoru R.Balayeva çıxış edərək bildirdi ki, İlyas Əfəndiyev xalqımızın XX əsrdə yetişdirdiyi ən böyük yazıçılardan biridir. Çoxşaxəli yaradıcılığa malik olan ədib ilk hekayələri ilə milyonlarla oxucunun hörmət və məhəbbətini qazanmış, Azərbaycan nəsrində və dramaturgiyasında parlaq bir səhifə açaraq, XX əsr mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.
Çıxış edənlər müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və məşhur dramaturq kimi şöhrət qazanmış İ.Əfəndiyevin həyat və yaradıcılığından nümunələr gətirmiş, ədibin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən söhbət açmışlar.
Kitabxananın oxuculara xidmət şöbəsinin işçisi Ş.Əliyeva və 5 saylı məktəbin ədəbiyyat müəlliməsi D.Mustafayeva görkəmli dramaturqun əsərləri haqqında məruzə ilə çıxış etmişlər.
Sonda məktəblilərin ifasında ədibin pyeslərindən səhnəciklər göstərilmiş və yazıçının yaradıcılığından ibarət kitab sərgisinə baxış keçirilmişdir.

Nəriman Məlikov,
Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı mütəxəssisi