2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam olur.
Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2014-cü il.