Hər bir insanın qəlb evində müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır.

Vətən ulu babalarımız üçün əziz, müqəddəs olmuşdur. Vətəni hər şeydən əziz tutan neçə-neçə nəsillər öz canlarını bu yolda qurban vermişlər. Əgər onlar vətən uğrunda canlarından keçməsəydilər, bu gün yurdumuz-yuvamız olmazdı.
1941-1945-ci illər müharibəsi dövründə, bütün sovet respublikaları kimi, Azərbaycan da faşizmə qarşı ayağa qalxıb silaha sarıldı. Xalqımız ön cəbhəyə övladlarını göndərir, arxa cəbhədə fədakarlıqla gecə-gündüz çalışırdı - təki müharibə sovet xalqının qələbəsi ilə tez başa çatsın. Azərbaycandan müharibəyə yollanan 600 min nəfərin yarısından çoxu qayıtmadı, 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 200 minə yaxın azərbaycanlı müxtəlif orden və medallarla təltif edildi. Bakı neftçiləri müharibə dövründə ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin verdi. Bu, düşmən üzərində qələbə çalınmasında böyük rol oynadı. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Müharibə başlanandan keçən qısa müddət ərzində respublikada 87 batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi. Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının rolu çox böyük olmuşdur”.
Böyük Vətən müharibəsinə Qəbələdən 6 min igid oğullarımız yollanmış, onların yarıdan çoxu döyüşlərdə həlak olmuş, geri qayıdanların çoxu müxtəlif bədən xəsarəti almışdır. Hazırda Qəbələdə yaşayan Böyük Vətən müharibəsi iştirakçıları dövlət səviyyəsində hərtərəfli qayğı ilə əhatə olunmuşlar.
Tariximizi gələcək nəsillərə çatdırmaqda muzeylərin rolu böyükdür. Bu sahədə Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyinin də fəaliyyəti qeyd edilməlidir. Muzeydə Böyük Vətən müharibəsi veteranlarının sənədləri, əşyaları, orden və medalları qorunub saxlanılır.
Hər il dünyasını dəyişmiş müharibə veteranlarının xatirəsi ehtiramla yad olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına həmişə diqqət və qayğı göstərir, onlara və arxa cəbhədə fədakarlıq göstərənlərə dövlət tərəfindən yardım edilir, təqaüdləri artırılır, mənzil-məişət şəraiti yaxşılaşdırılır.
Biz də çalışmalıyıq ki, müstəqillik adlanan neməti əldən verməyək. Doğma yurdumuzu çiçəklənən diyara çevirək.

Brilyant Məlikova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı