Qax rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və din” mövzusunda tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri iştirak ediblər. Mərkəzin direktoru N.Omarova tədbiri açaraq dinin milli-mənəvi dəyərlərin ən incə nöqtəsi olduğunu vurğulayıb, ulu öndərin bu sahədə siyasətindən danışıb. Qeyd edib ki, müasir dünyada dinin radikallar tərəfindən mənfi istiqamətlərə yönəldilməsi, dini qarşıdurmaların baş verməsi əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu göstərir.
Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, dinimiz milli-mənəvi dəyərlərimizin ən önəmli ünsürlərindən biridir. Xalqımız 70 il ateist təbliğatı altında olmasına baxmayaraq, dini dəyərlərini unutmamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra dini dəyərlərimiz də yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan dünyəvi, dini ayrı-seçkiliyin olmadığı, tolerant dövlət olaraq dünyada tanınmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində mümkün olmuşdur. Dini dəyərlərə həssaslıqla yanaşan ulu öndər tərəfindən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edildi, bu sahədə boşluqlar aradan qaldırıldı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.