Mayın 9-da ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə Abşeron rayon MKS-nin təşkilatçılığı ilə Mərkəzi kitabxananın qarşısında kitab bayramı keçirildi.

Tədbirdə ictimaiyyət nümayəndələri, məktəblilər, gənclər iştirak edirdilər. Kitab bayramına gələnlər müxtəlif mövzularda nəşrlər, klassik və müasir ədəbiyyat nümunələri, latın qrafikası ilə çap olunmuş yeni kitablarla tanış oldular.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru M.Abdullayeva ənənəvi kitab bayramı haqqında məlumat verdi. Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu cür tədbirlərin əhəmiyyətini vurğuladı. O, yüksək səviyyədə yenidən inşa edilən və bu günlərdə istifadəyə veriləcək Heydər Əliyev Mərkəzində elektron kitabxananın olacağını diqqətə çatdırdı. Yazıçılar Birliyinin Abşeron rayon bölməsinin sədri Şəhla Ağbulud və bölmə üzvləri klassik və müasir ədəbiyyatdan, həmçinin öz yaradıcılıqlarından nümunələr səsləndirdilər.
Tədbirdə tarix-diyarşünaslıq muzeyinin bəzi eksponatları, Abşeronun məktəb və uşaq bağçaları kollektivlərinin ulu öndərə həsr etdikləri əl işləri nümayiş olundu. Kitab bayramı rəngarəng konsert proqramı ilə başa çatdı.

Məlahət Yusifqızı,
Xırdalan şəhəri