Laçın rayonundan məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş kitab bayramı keçirilib. Tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, insanın mənəvi aləminə müsbət təsirindən söz açıblar. Ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.
Kitab bayramında məktəblilər ümummilli lider Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər, rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb. Sonda Laçın rayon MKS-nin əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, ən fəal oxuculara rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.