İyunun 2-də Şirvan şəhər Mərkəzi kitabxanasında narkomaniyaya qarşı mübarizə mövzusunda uşaqları maarifləndirmək məqsədilə “Ağ ölümə yox deyək” adlı tədbir keçirilib.

Şəhər 21 və 9 saylı orta məktəbin şagird və müəllimləri, mədəniyyət işçiləri və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə ekspert Şahin Rəcəbov çıxış edərək narkomanlığın ağır fəsadlarından söz açıb. Qeyd olunub ki, bu sahədə istər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Ekspert onu da xüsusi olaraq vurğulayıb ki, narkotiklərə aludəçilik orqanizmin immunitet sistemini məhv edir və təhlükəli viruslara qarşı orqanizm müdafiəsiz qalır.
Həkim-psixoloqlar Kamil Mirzəyev və Elmira Qədirli bildiriblər ki, bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlib. Hər hansı bir xəstəliyə qarşı həkimlər öz sahələrində müalicə işləri görür. Bu xəstəliyə isə insan diqqətsizliyi və cəhaləti üzündən də yoluxa bilər. Lakin narkomaniyanı təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.
Tədbirdə iştirak edən şəhər hüquq-mühafizə orqanlarının işçiləri, müəllimlər, valideynlər və kitabxananın əməkdaşları belə bir fikirdə ortaq olublar ki, yalnız birlikdə mübarizə aparmaqla - həm inzibati qaydada, həm də maarifləndirmə yolu ilə gələcəyimizi bu ağır bəladan qoruya bilərik, sağlam cəmiyyətin formalaşmasına nail olarıq.