İyunun 12-dən 15-dək Masallı şəhərində III beynəlxalq folklor festivalı keçiriləcək. Festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və Rusiyanın folklor qrupları istedad və bacarıqlarını nümayiş etdirəcəklər.
İyunun 13-də Masallı şəhərinin mərkəzi meydanında festivalın açılış mərasimi keçiriləcək. Mərasim başa çatdıqdan sonra tədbir iştirakçıları Nizami Gəncəvi adına parkda xalq sənətkarlığı və milli mətbəx sərgisi ilə tanış olacaqlar. Həmin gün axşam festival iştirakçıları Heydər Əliyev parkında konsert proqramı ilə çıxış edəcəklər.
İyunun 14-də Masallı rayonunun Qızılağac və Tüklə kəndlərində folklor qruplarının çıxışları, iyunun 15-də isə Heydər Əliyev parkında folklor festivalının yekun konserti olacaq.