İyunun 5-də Şirvan şəhər Mərkəzi kitabxanasında “Ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar olaraq “Təmiz şəhər sağlam həyatdır” mövzusunda tədbir keçirilib. Tədbiri kitabxananın şöbə müdiri Dilbər Əsədova açaraq əlamətdar gündən, ətraf mühitin mühafizəsinin vacibliyindən bəhs edib. Qeyd olunub ki, bu sahədə hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, ətraf mühitə verilən zərərlərin qarşısı birlikdə alınmalıdır.
İnformasiya resurs şöbəsinin proqramçısı Məlahət Məmmədova ətraf mühitin mühafizəsi ilə bağlı kitabxanaların apardığı təbliğat-təşviqat işlərindən danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu mövzuda məktəblilər ucun hazırladığı maarifləndirici disklərin əhəmiyyətini qeyd edib.
Kitabxananın baş biblioqrafı Kəmalə İsayeva isə Şirvan şəhərində vaxtaşırı keçirilən “Hərəyə bir ağac əkək” aksiyasından söz açıb. Bildirib ki, sabahımızı düşünmək, təmiz ekoloji mühitdə yaşamaq, bizə ilahi tərəfindən əmanət olunmuş bu gözəl kainatı gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə “Təmiz şəhər sağlam həyatdır” başlıqlı kitab sərgisi iştirakçıların marağına səbəb olub.