Qubada beynəlxalq gənclər forumu

İyulun 16-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda Beynəlxalq gənclər forumu öz işinə başlayıb.
Ayın 20-dək davam edəcək forumda yerli gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, 11 ölkədən 30-dan artıq gənc də iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihə “Bir cəmiyyət - müxtəlif mədəniyyətlər” devizi, “Çoxmədəniyyətli icmalarda gənclərin fəal sosial iştirakçılığı” çağırışı altında keçirilir.
Forumun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirəsinin aparılması, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Maariflənməni, təcrübə və informasiya mübadiləsini nəzərdə tutan layihə çərçivəsində keçirilən forumun sonunda bəyannamə qəbul ediləcək.
Forum iştirakçıları milli və etnik azlıqların icma nümayəndələri ilə görüşlər keçirəcəklər.