Onun yaradıcılığında təbiət mövzusu, insanların daxili aləminin təsviri əsas yer tutur. Bu bəlkə də onun Ağsunun gözəl mənzərəli guşəsi olan Kalva kəndində dünyaya göz açması ilə əlaqədardır.
Eyzam Qubat oğlu Şıxəliyev 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Kalva kənd orta məktəbini, 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Bir müddət Ağsu şəhərində rəssam kimi fəaliyyət göstərdikdən sonra 1996-cı ildə yenidən Bakıya qayıtmış və yaradıcılığını orada davam etdirmiş, bir çox sərgi və müsabiqələrin iştirakçısı olmuşdur.
Bu günlərdə Ağsu şəhər Mədəniyyət evində rəssamın yaradıcılıq sərgisi təşkil olunmuşdur. Sərgidə fırça ustasının 30-dan çox yağlı boya ilə işlənmiş əl işləri nümayiş etdirilmişdir. “Həmyaşıdlar”, “Analar müharibə istəmir”, ”Muğam”, “Alim Qasımov”, “Səməndər Rzayev”, ”Şah İsmayıl Xətai” və “Aşıq Bilal”ın büstü tamaşaçıların marağına səbəb olmuşdur.

Dilbər Əliyeva,
Ağsu rayon Mərkəzi kitabxanasının böyük kitabxanaçısı