Böyük maarifçi Həsən bəy Zərdabinin 139 il öncə min bir əziyyətlə əsasını qoyduğu “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə Azərbaycan milli mətbuatının tarixi başlayır. “Əkinçi”dən düşən işıq yüz ildən çoxdur ki, millətimizin yoluna nur saçır. Azərbaycan jurnalistikasının xalqın maariflənməsində, mədəni və əxlaqi dəyərlərimizin qorunmasındakı rolu danılmazdır.
Ulu öndər Heydər Əliyev mətbuatın cəmiyyət və dövlət qarşısındakı xidmətlərini yüksək dəyərləndirir, jurnalist kollektivlərinin qayğı və problemlərinin həllində köməyini əsirgəmirdi. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Əkinçi”nin nəşrə başladığı 22 iyul tarixini Milli Mətbuat Günü kimi qeyd edirik. Bu əlamətdar gün münasibətilə, Həsən bəy Zərdabinin yurdunda fəaliyyət göstərən “Əkinçi” qəzetin əməkdaşları daxil olmaqla, bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirik. Ulu öndərin sözləri necə də yerinə düşür: “Jurnalist əməyi cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Tanrı əziyyətinizi itirməsin, yolunuz açıq, işləriniz avand olsun!

Nailə Əliyeva,
Zərdab rayon MKS-nin direktoru