Gəncədəki Xan bağında XVI əsrdə inşa edilmiş qala divarının yanında qədim məhəllələrin adları həkk olunmuş abidə ucaldılacaq. AMEA-nın Gəncə bölməsinin əməkdaşları tərəfindən hazırlanan layihəyə əsasən abidədə Gəncənin qədim dövrlərdən başlayaraq indiyədək mövcud olan məhəllələrinin adları yazılacaq.
İlkin araşdırmalara əsasən şəhərdə 100-dən artıq qədim və yeni məhəllənin olduğu müəyyənləşib. Abidə üzərində hər bir məhəllə haqqında məlumat yerləşdiriləcək. Bundan əlavə, qonaqlara və turistlərə təqdim etmək üçün müxtəlif dillərdə kitabça və məhəllələrin elektron kataloqu da hazırlanacaq.