“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində növbəti görüş avqustun 5-də Lənkəran şəhərində keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Yusif Xamiyev və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək milli-mənəvi dəyərlərin, vətənpərvərlik ideyalarının təbliği ilə bağlı təşəbbüslərin dövlətimiz tərəfindən daima dəstəkləndiyini bildirib, layihənin əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd edilib ki, layihə üzrə indiyədək Qazax, Ağstafa, Masallı şəhərlərində gənclərin iştirakı ilə tədbirlər keçirilib.
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi idarə heyətinin üzvü Seymur Verdizadə gəncləri milli donor təşkilatları ilə əməkdaşlıq etməyə səsləyib. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı İlkin Ağayev, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.