Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zaqatala Rayon Mərkəzi Kitabxanasında “Ana dilimizi sevək, qoruyaq” mövzusunda konfrans keçirilib. Ziyalıların, fəal oxucuların iştirak etdikləri tədbirdə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ana dili hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri, insanın, bütövlükdə millətin mənəviyyatının aynasıdır.
Konfransda “Azərbaycançılıq və Azərbaycan dili”, “Dövlət dilinə hörmət hər kəsin borcudur”, “Ana dilimizi sevək, sevdirək” və digər mövzularda məruzələr dinlənilib. Qeyd olunub ki, Azərbaycan dili qədim dövrlərdən başlayaraq böyük inkişaf yolu keçib, uzun əsrlər boyu cilalana-cilalana formalaşıb. Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar.