Gəncədə avropalı gənclərin iştirakı ilə yeni layihə

2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə yerli və beynəlxalq layihələrin icrası davam edir. Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günündə “İncəsənət və idman: əldən ələ” (“Art and sport: hand in hand”) adlı layihənin təqdimatı olub.
Azərbaycan, Belarus, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən iştirakçıların qatıldığı mərasimdə bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onlara gündəlik həyatlarında idmanla məşğul olmalarını aşılamaq, incəsənət sahəsində maraq dairələrini genişləndirməkdir.
Diqqətə çatdırılıb ki, layihənin icrası müddətində gənclər sağlam həyat tərzinin yollarını öyrənəcək, Azərbaycanda həyata keçirilən idman siyasəti və qazanılan uğurlar, xalqımızın incəsənətinin zənginliyi və bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlı videotəqdimatlar keçiriləcək. Bundan əlavə, xarici ölkə gənclərini regionlarımızla tanış etmək məqsədilə ölkəmizin görməli yerlərinə gəzintilər təşkil ediləcək.