“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini minlərlə insan ziyarət edir

Bu ilin ötən dövründə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini 20 minə yaxın insan ziyarət edib. Onların arasında xarici ölkə vətəndaşları da var.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova bildirib ki, burada 1100-dən çox eksponat nümayiş olunur. Eksponatlar arasında arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi və s. var. Ekspozisiya ziyarətçilərin böyük marağına səbəb olur.
Nəzakət Əsədovanın sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində əhəmiyyətli mədəni tədbirlər həyata keçirilir.
Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana səfərlərindən bəhs edən sərgi təşkil olunub. Sərgidə fotolar, ensiklopedik materiallar, bülletenlər, yeni tədqiqat kitabları nümayiş etdirilib. Bundan əlavə, muxtar respublikanın yubileyi ilə əlaqədar “Naxçıvanın muxtariyyəti - 90: Naxçıvan muzeylərinin inkişaf tarixi” mövzusunda sərgi təşkil olunub, müxtəlif mövzularda açıq dərslər keçirilib.