Naftalan şəhəri və Goranboy rayonu ərazilərində yeni arxeoloji tədqiqatlara başlanılıb. Ekspedisiyanın rəisi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov bildirib ki, ərazidə yeni abidələrin qeydə alınması və Naftalan şəhəri yaxınlığında yerləşən Göl yeri eneolit və ilk tunc dövrü yaşayış yerində, Muncuqlutəpə ilk dəmir dövrü nekropolunda genişmiqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.
Naftalan və Goranboyun ərazilərində tunc dövrünə aid çoxsaylı kurqan tipli qəbir abidələrinin mövcudluğu burada geniş arxeoloji tədqiqatların aparılmasını zəruri edir. Onların bəzilərini tədqiq edərək yerində açıq səma altında muzey yaradılması, həmçinin abidələrin elektron xəritəsinin hazırlanması nəzərdə tutulur. Aparılan arxeoloji tədqiqatlar ərazidə turizmin inkişafında böyük əhəmiyyət kəsb edir.