General Həzi Aslanovun Lənkərandakı ev-muzeyində anım tədbiri

Avqustun 13-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində “Qəhrəmanlar ölmür” mövzusunda tədbir keçirilib. İştirakçılar əvvəlcə qəhrəmanın mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Muzeyin direktoru Tamara Fətullayeva tədbiri açaraq generalın həyat və qəhrəmanlıq yolu barədə danışıb. Qeyd olunub ki, Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1924-1930-cu illərdə Bakı və Leninqradda hərbi məktəblərdə təhsil alıb.
İkinci Dünya müharibəsi başlananda Həzi Aslanov Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə ilk döyüşdə özünü bacarıqlı komandir kimi göstərib. O, döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını beş ay dəf edib. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə “Qırmızı ulduz” ordeninə, 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.
Görkəmli sərkərdə Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi və qəhrəmanlığa görə üç “Qırmızı bayraq”, “II dərəcəli Suvorov”, “Aleksandr Nevski”, “I dərəcəli Vətən müharibəsi” ordenləri, iki “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub.
1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsində şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Lakin igid sərkərdənin ölümündən 47 il sonra, 1991-ci ildə, nəhayət, haqq-ədalət öz yerini tapıb, Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Xalqımız qəhrəman oğlunun xatirəsini daim böyük hörmət və məhəbbətlə yad edir. Həzi Aslanovun Şəhidlər xiyabanı yaxınlığında yerləşən məzarı üzərində abidəsi ucaldılıb.
1969-cu ildə Lənkəranda onun ev-muzeyi açılıb, 1983-cü il mayın 8-də isə Lənkəran şəhərinin mərkəzində igid sərkərdənin əzəmətli abidəsi ucaldılıb. Bakıdakı küçələrdən və metro stansiyalardan biri onun adını daşıyır.
Tədbirdə çıxış edənlər Həzi Aslanovun İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar, keçdiyi ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.