Lerik rayonunda füsunkar təbiəti ilə adamı valeh edən Kornədi adında bir kənd var. Bu dağ kəndi öz düz amallı, saf niyyətli, təmiz əməlli insanları ilə tanınır. Nəcib keyfiyyətləri ilə rayonda böyük hörmət qazanmış Dilarə Fətullayeva da bu kənddə dünyaya göz açmışdır. O, vətənpərvər, millətini sevən, mənəvi zənginliyə malik insanlardan öyrənə-öyrənə qədəm qoyduğu həyat yolunda hər zaman yüksək amallarla yaşamışdır.

Orta məktəbdə əla oxuyur, Mədəni-Maarif Texnikumunu, sonra İncəsənət Universitetinin mədəni-maarif fakültəsini fərqlənmə diplomu ilə bitirir. Əmək fəaliyyətinə Lerik Rayon Mədəniyyət Şöbəsində kitabxanaçı kimi başlayır. İşinə ürəkdən bağlanır, oxucular arasında kitaba maraq artdıqca, o da qürur hissi keçirir. Beləcə işindən, hər gün kitablar arasında olmaqdan zövq alır.
1991-ci ildə rayon tarix-diyarşünaslıq muzeyinə dəvət alır. Burada da işinə ürəklə yanaşması, savadı, təşkilatçılıq bacarığı ona üzüağlıq gətirir. Tarixin yaddaşı olan eksponatları qoruyur, gələcək nəslə çatdırılması yolunda fədakarlıq göstərir.
56 illik ömrü el məhəbbəti ilə naxışlanan Dilarə Fətullayeva hazırda Lerik rayonundakı dünyada bənzəri olmayan “Uzunömürlülər” muzeyinin müdiridir. Muzey insanların üzünə həmişə açıqdır. Xoş ünsiyyəti, səmimiyyəti buraya maraqla, həvəslə gələnlərin sayını günbəgün artırır. Eksponatlar haqqında verdiyi məlumatlar adama yaddaqalan təəssürat bağışlayır.
“Uzunömürlülər” muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yeni binası 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Burada 1100-dən çox eksponat var. Bu, dünyada yeganə belə muzeydir. Səbəb odur ki, rayonumuzda uzunömürlülər digər bölgələrdən çoxdur.
Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 134 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva və s. haqqında stendlər yaradılıb. Dədə-babalarımıza aid etnoqrafik materiallar - şəxsi əşyalar, geyimlər, onlara yazılan məktublar, uzunömürlülüklə bağlı qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır.
Dilarə Fətullayevanın sözlərinə görə, xarici ölkələrdən də muzeyə qonaqlar gəlir. İordaniyadan, Belçikadan, İsraildən, Türkiyədən, Almaniyadan, Rusiyadan, Ukraynadan gələnlər çoxdur.
Mən muzeydə olarkən orada çoxlu ziyarətçi vardı. Dilarə Fətullayeva olanlara hər bir eksponat haqda həvəslə məlumat verirdi. Ziyarətçilərin bir neçəsinin təəssüratları ilə maraqlandım.
Tural Əliyev (Lənkəran Dövlət Universitetinin tələbəsi):
- Muzeylə ilk tanışlıq adamda həyat eşqini gücləndirir. Hər eksponat sanki canlı varlıqdır. Dilarə xanımın işinə məsuliyyəti məni heyran etdi. Muzeydə vaxt keçirməyə dəyər.
Hidayət Bəşirov (rayon Veteranlar Şurasının sədri):
- Muzeyə gələnlər səmimi qarşılanır, eksponatlarla ətraflı tanış ola bilirlər. Bu da ondan irəli gəlir ki, Dilarə Fətullayeva tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi yaxşı bilir.
Sadiqə Rufullayeva (Əməkdar həkim):
- Muzey zəngin, səliqəli və işıqlıdır. Eksponatlar yaxşı mühafizə olunur. Dilarə xanım mehribanlığı ilə adamların qəlbinə yol tapmağı bacarır. Səmimiyyəti, insanlara, işinə olan məhəbbəti ən böyük sərvət bilir. Ona görə də bütün Lerik camaatı ona hörmət göstərir.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı