Şirvan şəhər kitabxanasında Naxçıvana həsr olunmuş tədbir

Avqustun 25-də Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filial kitabxanasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kitabxananın müdiri Aida Abbasova çıxış edərək ölkə Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar xalqımızın tarixini, zəngin mədəni irsini layiqincə yaşatmışdır.
Kitabxananın multimedia resursları üzrə mütəxəssisi Mirsəkinə Nəsirova, kitabxanaçı Təranə Abdullayeva Naxçıvanın tarixindən, Əshabi-Kəhf ziyarətgahı, Möminə xatun türbəsi, Əlincə qalası və başqa abidələrindən söz açıblar. “Qədim diyar Naxçıvan” başlıqlı kitab sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.