Məlum olduğu kimi, ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2014-cü il üçün Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron rayonu isə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Təsdiq olunmuş plana əsasən il ərzində “Xalq yaradıcılığı paytaxtları”nda müxtəlif tədbirlər keçirilir.
Sentyabrın 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” layihəsi çərçivəsində təntənəli tədbir keçiriləcək. Eyni zamanda rayonda “Gənc şairlər” ədəbi məclisi təşkil olunacaq. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir.
Sentyabrın 25-26-da “Folklor paytaxtı” Balakəndə, oktyabrın 3-də isə “Sənətkarlıq paytaxtı” Abşeronda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.