Azərbaycanda ilk qadın nəşrinə həsr olunmuş sənədli filmin təqdimatı

Sentyabrın 12-də Şəki şəhərindəki “Şəki saray” hotelində Azərbaycanda ilk qadın nəşri olan «İşıq» qəzetinə həsr olunmuş “İşığın düşmə bucağı” sənədli filminin təqdimatı keçirilib.

Ekran əsəri Azərbaycan Mətbuat Şurasının “O film” studiyası ilə birgə həyata keçirdiyi “Milli mətbuatımız, istiqlal yolumuz” layihəsi əsasında ərsəyə gəlib.
Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov layihə barədə məlumat verib. Bildirib ki, milli mətbuat tariximizdə önəmli rolu olan mətbu nəşrlər, şəxsiyyətlərlə bağlı silsilə ekran əsərlərinin hazırlanmasını nəzərdə tutan layihə çərçivəsində indiyədək görkəmli ictimai xadim, publisist və mütəfəkkirlər Məhəmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadə haqqında filmlər çəkilib.
MŞ sədri yeni filmin mövzusu barədə məlumat verərək bildirib ki, “İşıq” qəzeti XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynayıb. Həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı, qadınların təhsil, məişət, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda mübarizə kimi məsul vəzifəni üzərinə götürmüşdü. Bu yolda “İşıq” qəzeti xüsusi rol oynamışdı. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görmüşdü. “İşıq” qəzetinin redaktoru Xədicə Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb. Ə.Amaşov bu kimi mətbu orqanlarla bağlı geniş araşdırmaların zəruriliyini vurğulayıb. Filmin təqdimatının X.Əlibəyovanın doğma yurdu Şəkidə təşkilinin rəmzi məna daşıdığını diqqətə çatdırıb. X.Əlibəyovanın maarifçilik fəaliyyətinin əhəmiyyətli qismi Şəki ilə bağlı olub. O həmçinin Həlimə Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna rol oynayıb.
Mərasimdə çıxış edənlər bildiriblər ki, «İşıq» qəzeti məhdud imkanlara rəğmən maarifçi ideyaları gündəmə gətirib, ziyalı qadınları səfərbər edib, cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasına xidmət edib. «İşıq» qəzetində qaldırılan ideyaların Azərbaycan qadınının bu günü üçün də əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Qeyd edək ki, “İşığın düşmə bucağı” sənədli filminin ideya müəllifi MŞ idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, baş məsləhətçisi və ssenari müəllifi “O film” studiyasının rəhbəri, jurnalist Bəxtiyar Qaracadır.