Sentyabrın 13-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun təşəbbüsü, “Karabakhinfo.com” beynəlxalq elektron jurnalı və “Karabakhinfo.TV” internet televiziyasının təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə Ağdam rayonundakı N saylı hərbi hissədə “Biz Qarabağlıyıq!” adlı konsert proqramı keçirilib. Konsertdə Xalq artisti Flora Kərimova, Əməkdar artist Rafiq Hüseynov (Rəmiş) öz ansamblı ilə, Əməkdar artist Baloğlan Əşrəfov, Yusif Mustafayev, 2011-ci il respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova və digər incəsənət nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani döyüş bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçuların əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından tədbiri yüksək qiymətləndirib və təşkilatçılara təşəkkürünü bildirib.
AVCİYA-nın vitse-prezidenti, “Karabakhinfo.com” beynəlxalq e-jurnalının baş direktoru Vəli Əlibəyov tədbirin təşkilində göstərdikləri dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, komandanlığa, hərbi hissənin zabit və əsgər heyətinə minnətdarlığını ifadə edib.