Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, millət vəkili, şair Musa Quliyev, gənc şairlər Xəyal Rza və Fərid Hüseynin rayon ictimaiyyəti, poeziya həvəskarları ilə görüşü keçirildi. Poeziya axşamı “Qəbələ - Azərbaycanın Əfsanələr Paytaxtı - 2014” tədbirlər planı çərçivəsində gerçəkləşdi.

Qonaqlar əvvəlcə Qəbələ rayonunun mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Tədbiri Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova açaraq son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, mədəniyyət və turizm sahəsində həyata keçirilən layihələrdən danışdı. Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı üzrə 2014-cü ildə Qəbələnin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunmasının əhəmiyyətini vurğulayan şöbə müdiri bu çərçivədə təşkil olunan tədbirlərdən də bəhs etdi.
Şair Çingiz Əlioğlu çıxış edərək qədim Qəbələnin antik mədəniyyət mərkəzlərindən biri olduğunu vurğuladı: “Qəbələ tarixin sınaqlarından keçmiş bir diyardır, “Əfsanələr paytaxtı” olması heç də təsadüfü hadisə deyil. Əfsanələrdən boy alıb gəlmiş, əfsanələr yaratmış bir diyardır. Bu gün də bu xalq sabahın əfsanələrini yaradır. İndi Qəbələ müasir bir şəhərə çevrilməkdədir. Biz burada, bu müasir mədəniyyət mərkəzində olsaq da, şüuraltı fikir dünyamız bizi qədim Qəbələnin sehrli aləminə aparır. Bu, Qəbələnin zəngin tarixindən, mədəniyyətindən xəbər verir”.
Millət vəkili, şair Musa Quliyev yerlərdə əhali ilə belə yaradıcılıq görüşlərinin önəmini vurğuladı, Qəbələnin tarixindən, mədəni irsindən söhbət açdı: “Xalqımız həmişə ədəbiyyata, incəsənətə yüksək dəyər verib. Tarixin dərin qatlarından onu qoruyub, bu günümüzə gətirib çıxarıb. O ölkədə ki, vətəndaşlar poeziyaya, ədəbiyyata böyük maraq göstərirlər, orada harmoniya var, dinamik inkişaf var, sabitlik var. Qəbələ rayonu da bu gün tarixinin ən gözəl günlərini yaşayır, inkişaf edir. Rayon bir çox beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edərək böyük mədəniyyət mərkəzinə çevrilməkdədir”.
Sonra çıxış edən gənc şairlər Xəyal Rza və Fərid Hüseyn öz fikirlərini Qəbələnin poeziya həvəskarları ilə bölüşdülər.
Daha sonra söz şeirə, musiqiyə verildi. Görüşdə iştirak edən şairlər şeirlərini oxudular. Səslənən poetik nümunələr tədbir iştirakçılarına xoş əhval-ruhiyyə, duyğusal anlar yaşatdı. Vətən, ana, zəmanə, sevgi və gənclik haqqında şeirlər alqışlarla qarşılandı. Poeziya dəqiqələrini Qəbələ Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında musiqi xəzinəmizin dəyərli muğamları, xalq mahnıları əvəzləyirdi.
Gecəyə rəng qatan məqamlardan biri də rayon sakinlərinin öz sualları ilə şairlərlə maraqlı diskussiya yaratması oldu. Sakinlər qonaqlara həyat və yaradıcılıqları, bugünkü ədəbi proseslə bağlı müxtəlif suallar ünvanladılar. Səslənən suallara qonaqların səmimi cavabları poeziya gecəsini daha da maraqlı etdi. Sakinlər onlarla görüşə gəlmiş şairlərə təşəkkürlərini ifadə etdilər. Qonaqlar isə növbəti belə görüşlərdə bir araya gəlmək diləyi ilə sakinlərlə sağollaşdılar.

Fariz Hüseynov