26-27 sentyabr tarixində Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazaxdakı “Avey” tarix-mədəniyyət qoruqlarında Dünya Turizm Günü ilə əlaqədar “açıq qapı” günü elan olunub.
Azərbaycan Müəllimlər İnstitutu (AMİ) Qazax filialının tələbələri və Ağstafa rayonunun Muğanlı kənd orta məktəbinin şagirdləri qoruq ərazilərini ziyarət edib, əlamətdar gün münasibətilə təşkil olunan yürüşdə iştirak ediblər. Yürüş iştirakçılarına üzərində Mədəniyyət və Turizm Nazirliyinin loqosu və qoruqların təsvirləri yer alan köynək və baş geyimləri, Dünya Turizm Günü ilə bağlı bukletlər paylanılıb.
AMİ-nin Qazax filialının direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afaq Qasımova tələbə və şagirdlərə vətənpərvərlik tərbiyəsindən danışıb. Muğanlı kənd orta məktəbinin direktoru Mustafa Əfəndiyev isə yürüş iştirakçılarına “Keşikçidağ” qoruğu haqqında məlumat verib.
AMEA-nın əməkdaşları - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Mənsur Mənsurov bölgədə olan maddi-mədəniyyət abidələrinin mühafizəsi və təbliğ edilməsi istiqamətində aparılan işlərdən danışıb, qoruqların ərazisindəki qədim insan məskənləri, insanların yaşam tərzi, məişəti haqqında məlumat veriblər.
Sonra iştirakçılar qoruqların ərazisindəki müxtəlif abidələrlə tanış olublar. Tələbə və şagirdlər “İlham Əliyev” zirvəsinə və Göyəzən dağına yürüş ediblər.

Musa Mursaquliyev,
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru

* * *

Dünya Turizm Günü ilə bağlı Pir Hüseyn xanəgahı tarix-memarlıq qoruğunda da “açıq qapı” günü elan olunub, mədəniyyət və təhsil işçilərinin, şagirdlər, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Dünya Turizm Gününün tarixindən, bu günün əhəmiyyətindən söz açılıb.
Əlamətdar gün münasibətilə tarix-mədəniyyət qoruqlarında təşkil olunan tədbirlərdə, ekskursiyalarda 2 minə yaxın insan, o cümlədən əcnəbi qonaqlar iştirak edib.