Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli coğrafi mövqeyi, mülayim iqlim şəraiti və təbiət gözəllikləri ilə turistlərin diqqətini daim cəlb edir. Rayon ərazisində turistlər üçün maraqlı ola biləcək qədim tarixi abidələr, zəngin fauna və flora, meşələr, çaylar, şəlalələr, istirahət guşələri, parklar var.
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən Balakənin 2014-cü ildə “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər də turistlərin rayona marağının artmasına səbəb olub.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, ilin doqquz ayı ərzində rayona 20 min nəfərə yaxın yerli və xarici turist gəlib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin sayı 2 min nəfərdən çox artıb.
Balakən rayonu üzrə 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Turistlər daha çox kənd yaşıl, dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Bundan əlavə, Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır. Burada turistlərin əylənməsi üçün hər cür şərait yaradılıb. Parkda quraşdırılan 1200 metr uzunluğunda kanat yolu daim turistlərin ixtiyarındadır.