Zaqatalada baxış-müsabiqə keçirilib

Xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları milli-mənəvi dəyərlərimizə, soykökümüzə bağlılığımızı təcəssüm etdirir. Bu oyunların mayasında yüksək əhval-ruhiyyə, fiziki hərəkət, ruhi saflıq, zehni güc, sağlamlıq dayanır. Təəssüf ki, dildən-dilə, eldən-elə zaman aşırımından keçən xalq oyunlarının bəziləri artıq unudulur, uşaq və gənclər belə oyunlara çox az maraq göstərirlər.
Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi “Azərbaycanın xalq milli oyun və meydan tamaşaları” mövzusunda baxış-müsabiqə də bu zəngin irsimizin təbliği məqsədi daşıyır. Heydər Əliyevin adına mədəniyyət və istirahət parkında keçirilən baxış-müsabiqədə rayonun şəhər və kənd mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri iştirak ediblər.
Kollektivlərin təqdim etdikləri xalq milli oyun və meydan tamaşaları parka toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Müsabiqədə Yuxarı Tala, Maqov, Göyəm, Qımır, Sumaylı, Gözbarax, Dombabinə, Dardoqqaz və digər kənd klub və mədəniyyət evlərinin kollektivləri xüsusi fəallıq göstəriblər. Belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.