Oktyabrın 22-də Quba şəhərində “Alma bayramı” keçirilib. 2012-ci ildən ənənə halını alan bayram şəhərdəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. Bayram tədbirinə Milli Məclisin deputatları, qonşu rayonların icra strukturlarının rəhbərləri, 100-dən artıq xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Xarici ölkə nümayəndələri təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.
“Alma bayramı”nda Quba bağbanları arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib. Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşları da tədbirin təşkilatçılığında iştirak edib. Mərkəz tərəfindən hazırlanan reklam-çap məhsulları və hədiyyə paketləri tədbirdə iştirak edən qonaqlara təqdim edilib.