Gəncədə dəyirmi masa keçirilib

Mətbuat Şurasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək» layihəsi çərçivəsində Gəncədə dəyirmi masa keçirilib.

“Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masada Gəncə ilə yanaşı ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçiləri də iştirak ediblər.
Toplantını Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov açaraq şəhərdə fəaliyyət göstərən media orqanları ilə bağlı məlumat verib, layihənin əhəmiyyətini vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurum Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirir. Bu baxımdan mətbuat orqanlarının monitorinqi mühüm önəm kəsb edir. Monitorinqdə leksik, qrammatik, üslub pozuntularına diqqət yetirilir, medianın dil məsələlərinə önəm verməsinin vacibliyi diqqətə çatdırılır. Qeyd olunub ki, ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın icrası ilə bağlı Mətbuat Şurasının üzərinə də mühüm məsuliyyət düşür. Buna görə də qurum həm monitorinqlərini davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir.
Şuranın idarə heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkib. MŞ-nin monitorinqin qrup rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov qeyd edib ki, sözügedən xətaların böyük əksəriyyəti üslubi və qrammatik pozuntulardan ibarətdir.
«Gəncənin səsi» qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Yevlaxda nəşr olunan «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə və digər çıxış edənlər ana dilindən istifadə sahəsində pozuntulara qarşı cəmiyyətin yekdil reaksiyasını formalaşdırmağa ehtiyacın duyulduğunu vurğulayıblar.
Sonda çıxış edən MŞ sədri Əflatun Amaşov tədbirin təşkilinə göstərdiyi köməyə görə Gəncə şəhər rəhbərliyinə təşəkkürünü bildirib.