Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi oktyabrın 29-da Xaçmaz Rayon Mərkəzi Kitabxanasının oxu zalında dəyirmi masa keçirib.

Mərkəzin direktoru Ramazan Şabanov tədbirdə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan irəli gələn vəzifələr haqqında məruzə edib.
Qafqaz Universitetinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova mədəniyyət mərkəzlərinin fəaliyyət istiqamətləri və qeyri-maddi mədəni irsin qorunması təcrübəsi barədə danışıb. Mərkəzin böyük metodisti Samirə Cəllilova “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi” və “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda təqdimatlarla çıxış edib.
Ədliyyə Akademiyasının elmi kitabxanasının rəisi Ruhiyyə Məmmədova “Cəmiyyətin inkişafında İKT-nin rolu” mövzusunda çıxış edərək korrupsiyaya qarşı mübarizədə, innovasiya və şəffaflığın artırılmasında elektron xidmətlərdən istifadə mexanizmlərindən, sənədlərin elektron dövriyyəsi və İKT-nin mədəniyyət müəssisələrində tətbiqindən danışıb.
Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanov, rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov müzakirə edilən məsələlərə münasibətlərini bildiriblər. Tədbirdə Xaçmaz rayon mədəniyyət, muzey və kitabxana işçiləri iştirak ediblər.