Oktyabrın 24-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında “Beynəlxalq məktəb kitabxanaları günü” ilə əlaqədar dəyirmi masa keçirildi.

Dəyirmi masada şəhər 1, 2 3, 4, 5, 6, 7 saylı orta məktəblərinin kitabxanaçıları, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının, Quba Dövlət Sosial-İqtisad Kollecinin, Quba Tibb Kollecinin, peşə liseyinin, Quba uşaq musiqi məktəbinin, incəsənət məktəbinin kitabxana işçiləri, kitabxananın fəal oxucuları iştirak edirdilər.
Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq bildirdi ki, ölkəmizdə elm, təhsil, mədəniyyət sahəsində aparılan islahatlar təhsil sisteminin inkişafı üçün də əsaslı zəmin hazırlamış, məktəb kitabxanalarının, habelə kütləvi kitabxanaların maddi-texniki bazası yenilənmiş, dərslik və kitab fondu zənginləşdirilmişdir.
Rayon Təhsil Şöbəsinin metodisti Rahid Seyidməmmədov, Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova şagirdlərdə mütaliəyə marağın yaradılmasında kitabxanaların rolu, Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nazbəhər Məmmədova elektron kataloq və elektron kartoteka haqqındakı yeniliklər barədə danışdılar.
Quba Dövlət Sosial-İqtisad Kollecinin kitabxanaçısı Leyla Hüseynova, Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Könül Allahverdiyeva, 1 və 2 saylı orta məktəblərin kitabxanaçıları Sədaqət Abdullayeva, Bəyim Abdullayeva və başqaları öz fəaliyyətlərindən söz açdılar.
MKS-nin direktoru Saməddin Nəsirov kitabxana-informasiya sahəsində son illər əldə edilmiş nailiyyətlər barədə danışdı, kitabxanaçılara tövsiyələrini verdi.

Hüriyyə Sultanova,
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxuculara xidmət
şöbəsinin multimedia mütəxəssisi