Horadiz şəhərindəki Muğam Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı poeziya müsabiqəsi keçirilib. Müsabiqədə iştirakçılara həm müəllif olaraq çıxış etmək, həm də şairlərimizin şeirlərindən nümunələr ifa etmək imkanı verilmişdi.

Tədbiri Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov açaraq iştirakçıları salamladı. Şöbə müdiri müstəqillik tariximizdən bəhs edərək bu illərdə respublikamızın dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya yüksəldiyini, bu uğurlarımızın ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində hasilə gəldiyini vurğuladı.
Sonra rayonun 23 mədəniyyət müəssisələrini təmsil edən 70-dək iştirakçının çıxışları dinlənildi, vətənə, müstəqilliyə həsr olunan vətənpərvər ruhlu şeirlər oxundu. Bir-birindən ifa təravəti ilə seçilən çıxışlar dinləyənlərdə qürur hissi doğururdu.
Tədbir iştirakçılarının hazırlıq səviyyəsinə və sayına görə Horadiz şəhər Mədəniyyət evinin və Aşağı Alıxanlı kənd klubunun təmsilçiləri daha çox diqqət çəkirdilər. Horadiz şəhər Mədəniyyət evindən Leyla və İlahə Namazovalar, Fatma Səfərəliyeva, Aynur Ələkbərova, Güleyşə və Könül Mahmudovalar, Aşağı Alıxanlı kənd klubunun üzvilərindən İlahə Alıyeva, Firəngiz Atakişiyeva, Ülviyyə Məmmədli, Sücanə Məmmədova, Nigar Atakişiyeva, Aşağı Kürdmahmudlu kənd klubundan İradə Quliyeva və Əhmədalılar kənd mədəniyyət evindən Əkrəm Gözəlov şeir ifaçılığında fərqləndilər. Öz yazdığı şeirin ifasına görə isə Bala Bəhmənli kənd mədəniyyət evindən Gülnur Babayeva, Əhmədbəyli kənd mədəniyyət evindən Təbəssüm Babaşova, Yuxarı Kürdmahmudlu kənd mədəniyyət evindən Aygün Alıyeva və Böyük Bəhmənli kənd mədəniyyət evindən Arzu Mirzəliyevanın çıxışları münsiflər heyətinin rəğbətini qazandı.
Sonda adları çəkilən iştirakçılara Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov tərəfindən fəxri fərmanlar təqdim edildi. Horadiz şəhər Mədəniyyət evinin direktoru Musa Ələsgərov da müsabiqəyə hazırlıq işini yaxşı təşkil etdiyinə görə fəxri fərmanla təltif olundu, Aşağı Alıxanlı kənd klubunun yaxşı işi təqdir edildi.

Kərəm Salahoğlu,
Füzuli rayonu Aşağı Alıxanlı kənd klubunun müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü