Füzuli rayonunun Horadiz şəhər Mədəniyyət sarayında Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, şair-publisist Kərəm Salahoğlunun anadan olmasının 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirildi.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elman Məmmədov yubilyarı təbrik etdilər. Şairin Vətən sevgisindən, torpaq həsrətindən, yurd nisgilindən qaynaqlanan poeziyasının məziyyətlərindən söz açıldı. Yubilyarın qələm dostları Sabir Arazlı və Təvəkkül Qurban şairin yaradıcılıq yolundan danışdılar.
Qeyd olundu ki, şairin Vətən təəssübü ilə köklənən şeirlərini oxuyan hər kəsdə gözü yolda qalan dədə-baba torpaqlarımızı yağı tapdağından azad etmək üçün bir müqəddəs savaş əhval-ruhiyyəsi oyanır. Aşağı Alıxanlı kənd klubunun müdiri olan Kərəm Salahoğlu yaratdığı “Qarabağ” ansamblı ilə yorulmadan hərbi hissələrdə, ictimaiyyət qarşısında Azərbaycan həqiqətlərini təbliğ edir, xalqımızın qələbəyə inamını gücləndirir.
Gecədə şairin bir zaman təhsil aldığı doğma Aşağı Alıxanlı kənd orta məktəbinin şagirdləri müəllifin şeirlərindən nümunələr səsləndirdilər. Horadiz şəhər 2 nömrəli orta məktəbin şagirdləri şairin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Şücaət simvolu” poemasından parçaları oxudular. Rayonun sevilən xanəndələrinin və “Qarabağ” ansamblının mükəmməl ifaları tamaşaçıların alqışları ilə qarşılandı. Sonda Kərəm Salahoğlu gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Lətifə Xudaverdiyeva
Füzuli rayon MKS-nin direktoru