Mingəçevirdə dəyirmi masa keçirilib

Noyabrın 20-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzusunda dəyirmi masa keçirilib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət və turizm müəssisələrinin əməkdaşları, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vahid Məmmədov çıxış edərək “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq şəhərdə aparılan tikinti və yenidənqurma işlərindən, bu prosesin turizmin inkişafına təsirindən danışıb.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizli “Mingəçevir şəhərində turizm sahəsinin inkişafı istiqamətində aparılan işlər”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev “Regionların sosial-iqtisadi inkişafında turizmin rolu” mövzusunda çıxış ediblər.
Qeyd olunub ki, hər bir ölkədə arzu edilən inkişaf səviyyəsinə nail olmaq üçün, ilk növbədə regionların inkişafını təmin etmək lazımdır. Ölkəmizdə regionların inkişaf problemləri daim dövlətin diqqət mərkəzindədir və bu, iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Müxtəlif dövlət proqramlarının qəbul edilməsi bölgələrin inkişafında mühüm rol oynayır, turizm sektoruna müsbət təsir edir. Mingəçevir şəhərində də yeni turizm obyektləri, hotel və mehmanxana tipli müəssisələr inşa edilir.
2015-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi I Avropa Oyunlarında avarçəkmə üzrə yarışlar Mingəçevir şəhərində keçiriləcək. Yarışlara hazırlıqla əlaqədar olaraq şəhərdə geniş tikinti-quruculuq, abadlıq və əsaslı yenidənqurma işləri davam etdirilir.
Dəyirmi masada Elmi-Metodiki Mərkəzin hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin Cəfərov, Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev, şəhərdəki tarix muzeyinin direktoru Nofər Məmmədəliyev və Bülbül adına 2 saylı uşaq incəsənət məktəbinin şöbə müdiri Əvəz Məmmədov mövzu ilə bağlı çıxış ediblər. İştirakçıların turizm fəaliyyətinin stimullaşdırılması, turistlərin regiona cəlb olunması, kadr problemləri və s. məsələlərə dair sualları cavablandırılıb.