Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin (1908-1938) xatirəsi ehtiramla anılıb.
Nakam şairin ölümünün 77 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.
Ölməz şairin büstü ətrafına toplaşanlar Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıblar. Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, rəssam Minayə Dəyanətqızı və başqaları çıxış edərək görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər. Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazmış Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir.
Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndiriblər.