Qəbələnin mədəniyyət işçiləri Dağıstanda keçirilən festivalda iştirak ediblər

Avqustun 14-dən 16-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Festivalda Dağıstanın, Çeçenistanın, İnquşetiyanın, Stavropol diyarının və Azərbaycanın yaradıcı kollektivləri, xalq mahnılarının ifaçıları, dekorativ-tətbiqi sənət ustaları iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Rusiya və Azərbaycan xalqlarının çoxsahəli mədəniyyətinin birgə inkişaf etdirilməsi, xalqlararası dostluğun, sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.
Festivala Azərbaycandan Qəbələ rayonunun mədəniyyət işçiləri də qatılıblar. Onların ifa etdikləri milli xalq musiqiləri dağıstanlı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Geniş proqram əsasında keçirilən festivalda folklor, konsert və musiqi təqdimatları ilə yanaşı, kütləvi idman yarışları və əyləncəli tədbirlər də təşkil edilib. Müsabiqələrin və yarışların qaliblərinə diplomlar, hədiyyələr təqdim olunub.